Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misir Ərəb Respublikasında 4 gündən bəri davam edən xalq qiyamı öz əlamətdar mərhələsinə daxil olub. Daxil olan məlumatlara görə, ölkənin müxtəlif şəhərlərində baş vermiş toqquşmalarda ən azı 74 nəfər həlak olub, iki mindən çox vətəndaş isə yaralanıb.
Misirdə hökumətin rəsmi şəkildə istefa verməsinə baxmayaraq Diktator Hüsnü Mübarəkin əleyhinə etiraz aksiyaları bütün ölkəni bürüyüb.
Nazirlər kabineti Misir diktatoru xalqı sakitləşdirmək üçün müraciətinin ardınca buraxılıb .
Bu arada hökumətin istefası xəbəri yayılsa da İskəndəriyyə şəhərində nümayişçilərlə polis və təhlükəsizlik qüvvələri arasında şiddətli qarşıdurma baş verib və qeyri-rəsmi məlumatlara əsasən şəhərə nəzarət xalqın əlinə keçib. Ölkənin şimal şərqində yerləşən bu liman şəhərində ən azı 23 nəfərin toqquşmalar nəticəsində həlak olduğu bildirilir.
Digər tərəfdən atom enerjisi üzrə beynəlxalq agentliyin sabiq rəhbəri və hazırda Misir müxalifətinin liderlərindən olan Mahmud əl-Bəradei Qahirədə müxbirlərə deyib: Hüsnü Mübarək hakimiyyətdən getməli və onu başqalarına həvalə etməlidir.
Onun sözlərinə görə, Hüsnü Mübarək Misir xalqının etirazlardan əl çəkməsini istəyirsə, istefa etməlidir.
Nümayişçilər deyillər ki , prezident Mübarəkin müraciəti onların istəyini təmin etmir. Zira yeni hökumətdə korrupsiyaçı məmurlardan təşkil olunacaq.
Misir Diktatoru Hüsnü Mübarəkin bu ölkədə nazirlər kabinetinin buraxılması və islahatların həyata keçirilməsinə baxmayaraq üsyana çıxan kütlə hökumətə qarşı etirazlarını bir qədər də şiddətləndirib.Bu gün Misirdə minlərlə nümayişçi Qahirənin Azadlıq meydanına toplaşıb şüarlar səsləndirərək bildirib ki, Hüsnü Mübarəkin açıqlamaları onların istəyini təmin etmir. Çünki yeni hökumət də korrupsiya və rüşvətxorluqda ittiham olunan şəxslərin iştirakı ilə təşkil olunub.
Ötən gecə də Mübarəkin çıxışından bir az sonra ordunun küçələrə göndərilməsindən sonra misirli aksiyaçıların səsi eşidilib. Onlar "Misir xalqı quruluşun dəyişilməsini tələb edir" şüarını səsləndiriblər.
Diktator öz çıxışında Misirdə vəziyyətin yaxşılaşması, işsizliyin aradan qaldırılması, tibbi və təlim xidmətlərinin inkişaf etdirilməsini vəd edib və bu ölkədə ictimai aksiyaların keçirilməsini Misirdə azadlığın olmasının göstəricisi hesab edib. Bu elə bir haldadır ki, Misir rəsmiləri bu ölkənin Qəzzə zolağı ilə olan sərhədində yerləşmiş sərhəd qüvvələrinin bir hissəsini hərbi tanklardan istifadə etməklə ictimai aksiyaların yatırılması üçün geriyə çağırıb.
Digər tərəfdən Müsəlman Alimlər Beynəlxalq Birliyinin sədri Şeyx Yusif Qərzavi bir fitva verərək Misir hökumətinə qarşı bu ölkə xalqının etirazını açıq-aşkar şəkildə dəstəkləməklə yanaşı aksiyaçılara doğru atəş açmağı haram sayıb və təhlükəsizlik qüvvələrindən öz komandirlərinin göstərişini yerinə yetirməməyi istəyib.
Müsəlman Alimlər Beynəlxalq Birliyinin sədri bildirib: Xalq da təhlükəsizlik və polis qüvvələrinə hücum etməməlidir. Çünki onlar da bu xalqın övladları və mövcud vəziyyətdən şikayətlidirlər. Xalq da onlara fürsət verməlidir ki, onlar özlərini islah edərək cəmiyyətə qoşulsunlar.
Bu istiqamətdə bir çox ordu və polis qüvvələri nümayişçilərə qoşulub və bu ölkə xalqının yanında komendant saatı qanununa etina etmədən Misirin müxtəlif şəhərlərində, o cümlədən Qahirədə hökumət əleyhinə aksiyalarında iştirak ediblər.
Misirin hazırkı vəziyyəti, onun həyat yoldaşı, oğlu və hakim partiyanın yüksək səviyyəli rəsmilərindən birinin ölkədən qaçmasını, habelə Qahirə və digər şəhərlərdə hakim partiyanın ofislərinin yandırılmasını nəzərə aldıqda Hüsnü Mübarəkin yeni nazirlər kabinetinin elan olunması ilə əlaqədar verdiyi vədə sadiq qalması çətin bir məsələdir və güman ki, ötən günlərdəki kimi nümayişçilərin dağıdılması göstərişini verəcək.
Son bir neçə gündə hökumət qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşmalarda onlarla nəfər həlak olub və yüzlərlə insan yaralanıb.
Misir olayları barəsində başqa bir xəbərə əsasən, öncədən Misirdə heç bir xüsusi qrupun tərəfdarı olmadığını elan edən ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib ki, Hüsnü Mübarək iqtidardan kənara çəkilməməlidir.
Misirdə ictimai etirazları az əhəmiyyətli sayan Bayden cümə günü deyib: ABŞ Hüsnü Mübarəkin kənarlaşdırılmasına sevinmir. Çünki o Misirlə İsrailin əlaqələrinin normallaşmasında çox məsuliyyətli tərzdə rəftar edən və yaxın Şərq sülh müzakirələrində (yəni işğalçı israil rejiminin mövcudluğunu təmin etməsində) təsirli rola malik olan Amerikanın regiondakı müttəfiqlərindən biridir.
ABŞ Dövlət Departamentinin sözçüsü Filipp Krouli də Misirdə baş verən cari olaylara görə nigaranlığını bildirməklə yanaşı ümid edib ki, Qahirə rəsmiləri tez bir zamanda problemləri həll edəcəklər.
İsveçrə prezidenti və Almaniya Kansleri də Misirdə ictimai etirazlara qarşı kobudluğun tətbiq olunmasına nigaranlığını bildirməklə yanaşı rəsmi Qahirədən istəyiblər ki, etiqad, söz və aksiya azadlığına hörmətlə yanaşsın.
Misirin vəziyyətinin böhranlı formaya düşməsi ilə sionist rejimin Qahirədəki səfirliyinin işçiləri Qahirəni işğal olunmuş Fələstin əraziləri istiqamətində tərk ediblər.
Bir neçə müddət öncə sionist rejimin Qahirədəki səfiri bu rejimin casusluq təşkilatı Mossaddan asılı şəbəkənin aşkarlanması ardınca Misiri tərk etmişdi.
Tunisdə geniş aksiyaların keçirilməsi ilə diktator Bin Əli rejiminin devrilməsinə səbəb olan bu ölkə xalqının son inqilabından ruhlanan Misir xalqı aksiyalar keçirməklə Hüsnü Mübarəkin hakimiyyətdən getməsini istəyir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır